İQTİSADİYYAT
Paytaxtın Cəfər Xəndan küçəsinin sonuncu hissəsi təmir olunur VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təmir işləri Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsində aparılır. Burada da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Sözügedən küçədə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Həmçinin piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb, kənarlarına 1100 poqonmetr yeni səki daşları düzülüb.
Təmir işləri Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.
Qeyd olunub ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 1100 metrlik hisslərində təmir işləri yekunlaşdırılıb.