İsmayıllıda salınan salxım qoz bağında müasir texnologiya tətbiq olunur VİDEO
İsmayıllı, 13 aprel, AZƏRTAC
İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində “Aspiland” MMC tərəfindən 40 hektar sahədə yeni qoz bağı salınıb.
AZƏRTAC xəbər verir ki, burada əkilən tinglər Türkiyədən gətirilib. Hər hektara 312 ədəd olmaqla, ümumilikdə, 12 min 480 ədəd ting əkilib.
Salxım qoz adlanan bu növ bir sıra xüsusiyyətləri ilə seçilir. Belə ki, birinci ildən tinglər zəif bar verir. Lakin ağacın normal inkişafı üçün ilk 3 ildə bar zoğları qırılıb atılır. 4-5 ildə ağacın boyu 4 metrə, 15 ildə isə 7-8 metrə çatır. Salxım şəklində bar verir və hər salxımda 6-8 qoz olur. Tam məhsuldar vaxtında hər ağac 40-50 kiloqram qoz verir. Salxım qozun qabığı yumşaq olur və əl ilə asanlıqla sındırılır.
Yeni salınan qoz bağı müasir texnologiya ilə becərilir. Hazırda bütün sahədə damcı suvarma sistemi qurulur.
Briqadir Ağarəhim Nəcəfov AZƏRTAC-ın müxbiri ilə söhbətində bağların sahəsinin artırılacağını da deyib. Vurğulayıb ki, qarşıdakı payızda daha 50 hektarda yeni qoz bağı salınacaq.