REGİONLAR
Bu il Qaxda fındıq bağlarından beş min tona yaxın məhsul gözlənilir VİDEO
Qax, 8 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər Qax rayonunda da uğurla icra olunur. Belə ki, fındıq bağlarının genişləndirilməsi məqsədilə 2016-cı ilin payız əkini mövsümündə rayon ərazisində 1275 hektar, cari ilin yaz əkini mövsümündə isə 513 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 3-4 il ərzində rayonda mövcud fındıq bağlarının sahəsi 2 min 800 hektar genişləndirilərək 6 min 800 hektara çatdırılıb. Bu bağların 5 min hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 3 min 152 ton məhsul götürülüb.
AZƏRTAC xəbər verir ki, rayonun fındıq bağlarında artıq məhsul yığımına başlanılıb. Bu il 5 min tona yaxın məhsul gözlənilir. Hazırda fındığın bir kiloqramının satış qiyməti 2,5 manat ətrafında dəyişir. Qiymətlərin artacağı da istisna olunmur. İndiki qiymətlərlə bu il kənd əhalisinin fındıq satışından ən azı 12-13 milyon manat qazanc əldə edəcəkləri gözlənilir. Bu isə kənd əhalisinin yaşayış şəraitinin, sosial rifahının daha da yaxşılaşmasına səbəb olacaq.
Rayonun Marsan kənd sakini Altay Əliyev AZƏRTAC-a müsahibəsində kənd əhalisinin ailə büdcəsinin formalaşmasında fındıqçılığın böyük rol oynadığını bildirib. Kənd sakini deyib: “Hazırda ailəmizin 3,5 hektar fındıq bağı var. Bağda olan fındıq ağaclarının sayı 480-ə yaxındır. Keçən il fındıq bağından 3 ton məhsul götürdük. Bu il məhsuldarlıq daha yüksəkdir. Ümid edirik ki, bu il bağdan 4 tona yaxın fındıq əldə edəcəyik”.
Fındıqçılığın çox gəlirli sahə olduğunu vurğulayan kənd sakini Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan ruhlanaraq bu ilin yazında kənddə özünə məxsus torpaq sahəsində daha 120 ədəd fındıq kolu əkdiyini diqqətə çatdırıb.