Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının son mərhələsi icra olunur VİDEO
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
“Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekun mərhələsi icra olunur. Layihə çərçivəsində görülən işlərin 99 faizi yekunlaşıb.
Layihə rəhbəri Təbriz Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda layihənin yekun mərhələsinə uyğun olaraq şəhər ərazisində su-kanalizasiya xətlərinin çəkilişi tamamlanıb. Layihəyə sonradan əlavə olunan ərazilərdə son tamamlama işləri aparılır. Bu vaxta kimi çəkilən su xətlərinin ümumi uzunluğu 160 kilometrə, kanalizasiya xətlərinin uzunluğu isə 150 kilometrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilib.
Layihənin yekun mərhələsində qazıntı aparılan küçələrin bərpası da həyata keçirilir. Ümumilikdə 46 kilometr yola asfalt çəkilməsi nəzərdə tutulurdu ki, bunun da 70 faizi artıq döşənib. Bununla paralel olaraq yeni çəkilən su xətlərinin dezinfeksiyası, kanalizasiya xətlərinin hidroizolyasiyası və abonentlər üçün sayğacların quraşdırılması prosesi davam edir.
Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin 2018-ci ilin mart ayında tam başa çatdırılması nəzərdə tutulub.
Layihənin birinci mərhələsində Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Həmçinin 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Eyni zamanda, Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq.