Ağdamda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur VİDEO
Ağdam, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Prezidentin 2017-ci il 27 oktyabr tarixli Sərəncamı ilə dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.
Tikintidə iş icraçısı Saləddin Dadaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzunluğu 25,3 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində eni 10 metr olan yol yatağı hazırlanıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 18 ədəd dəmir suötürücü boru qoyulub.
Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 10 kilometrdə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə 60-dan çox işçi, 40-dək texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.