Bu il Qusarda 80-ə yaxın ailə şəxsi biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq VİDEO
Quba, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bu il Qusarda özünüməşğulluq proqramı çərçivəsində 80-ə yaxın ailə dövlət dəstəyindən faydalanacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il rayonda 15 işsiz və işaxtaran şəxs ailə biznesini qurmaq üçün aktivlərlə təmin olunub.
Sərxan Ömərov işaxtaran qismində Qusar Rayon Məşğulluq Mərkəzinə müraciət edən sakinlərdən biridir. Bildirdiyinə görə, kənd təsərrüfatı ilə məşğul olsa da, biznesini genişləndirmək üçün çətinlik çəkib. Bununla əlaqədar özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət edib. Dövlət proqramı çərçivəsində onun ailə şəraiti dəyərləndirilib. S.Ömərov 2 aylıq təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona ailə biznesini qurmaq üçün 4 baş inək verilib.
Ötən il Qusarda Sərxan Ömərovla yanaşı, daha 14 ailə də proqramdan faydalanıb. Qusar Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Cəbrayılov bildirib ki, bu ailələrdən 10-u iri və xırdabuynuzlu heyvanlarla, biri arı ailəsi, ikisi kartof toxumu, iki ailə isə meyvə qurudulması üçün avadanlıqlarla təmin olunub. Bu işlərə 71 min manat vəsait xərclənib. Özünüməşğulluq proqramında vətəndaş dövlətin verdiyi dəstək sayəsində öz biznesini qurur, iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir.