Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Balakən rayonunda 44 min əhalinin yaşadığı və 15 yaşayış məntəqəsini əhatə edən 24,5 kilometr uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ildə ümumi uzunluqları 54 kilometr olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Artıq həmin yollardan birində - Balakən-Qazbinə-İtitala avtomobil yolunda təmir-tikinti işlərinə başlanılıb.
Məlumata əsasən, uzunluğu 29 kilometr olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr olacaq.
Hazırda yolboyu deformasiyaya uğramış hissələr bərpa edilir, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələr isə asfaltlanır. Artıq yolun 3 kilometrə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınması işləri yekunlaşıb. Ümumilikdə isə yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.
Layihə çərçivəsində, yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq 21 ədəd suötürücü borunun quraşdırılması və 5 metr uzunluğunda 1 dördbucaqlı su keçidinin inşası işləri yekunlaşdırılıb. Hazırda daha 1 ədəd 5 metr uzunluğunda dördbucaqlı su keçidinin və 12 metr uzunluğunda körpünün inşası işləri aparılır.
Tikinti işləri tam yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.