Zaqatalada Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi işlərinə başlanılıb VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Zaqatala rayonu ərazisindəki Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, uzunluğu 37,5 kilometr olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yol yatağının inşası yekunlaşmış hissələrdə isə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.
Bu işlərə paralel olaraq, yolboyu süni qurğuların inşası aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 12 və 18 metr uzunluqlara malik avtomobil körpülərinin inşası işləri artıq yekunlaşıb. Yeni suötürücü boruların tikintisi və daha 1 ədəd 12 metrlik körpünün inşası istiqamətində işlər davam etdirilir.
Torpaq işlərindən sonra yolun 220 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.