Xaçmaz şəhərində müasir işıqforlar və yol nişanları quraşdırılıb VİDEO
Xaçmaz, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərinin avtomobil yollarına yeni işıqforlar və yol nişanları quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dörd metr hündürlüyündə olan müasir işıqforlar Bakı prospektinin Heydər Əliyev, Rəşid Behbudov və Hacı Zeynalabdin Tağıyev küçələri ilə kəsişmələrində qoyulub.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən quraşdırılan işıqforlar həm nəqliyyat vasitələrinin, həm də piyadaların işini asanlaşdırır.
Yüngül konstruksiyalı bu qurğular hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini tez cəlb edir.
Son illər Xaçmazla, Quba, Qusar və Şabran rayonunda 20-dən çox yerdə enerjiyə qənaət edən müasir işıqforlar da quraşdırılıb.
İşıqforların quraşdırılması ilə yanaşı, yeni salınan küçə və prospektlərdə yol nişanları da qoyulur. Həmçinin yararsız nişanlar yeniləri ilə əvəzlənir.