Damazlıq İpəkçilik Stansiyası yenidən qurulduqdan sonra xaricdən barama toxumu gətirməyə ehtiyac qalmayacaq VİDEO
Qax, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
Stansiyanın yenidən qurulması Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb.
Tikinti və yenidənqurma işləri “Azəraqrartikinti” ASC tərəfindən həyata keçirilir. Səhmdar cəmiyyətin sahə rəisi İttifaq Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazidə inşa edilən 1 nömrəli binanın zirzəmi hissəsində və birinci mərtəbəsində hörgü və suvaq işləri artıq başa çatıb. Hazırda ikinci mərtəbədə hörgü işləri aparılır. Həmin binada hibrid barama toxumu yetişdiriləcək. Elit barama toxumunun yetişdirilməsi üçün nəzərdə tutulan ikinci binanın zirzəmisində də hörgü işləri yekunlaşıb və birinci mərtəbənin dəmir qəlibi yığılır. Eyni zamanda, artıq stansiyanın inzibati binasının tikintisinə də başlanılıb.
Sahə rəisinin sözlərinə görə, ərazidə inşa edilən yardımçı tikililərin, o cümlədən qazanxana binasının, 100 və 50 kubmetrlik yanğın əleyhinə və içməli su hovuzlarının, çirkab su anbarının tikintisi də yekunlaşıb. Stansiyada Çindən gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq.
Hazırda tikinti meydançasında 60-dan çox işçi çalışır.
Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi üçün Çindən gətirilən və stansiyada inkubasiyaya qoyulan toxumlardan istifadə olunur. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.
Direktorun bildirdiyinə görə, baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin payızında və 2017-ci ildə stansiyanın ərazisində 3 hektar sahədə Çindən gətirilən 30 min ədəd tut tingi əkilib. Əvvəlki il əkilən 20 min tingin bitişi normaldır və builki mövsümdən etibarən onlardan ipəkqurdunun yemlənməsi üçün istifadə ediləcək.