REGİONLAR
Lənkəranın Əşlə kəndində yararsız vəziyyətdə olan körpü əsaslı təmir edilir VİDEO
Lənkəran, 5 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Əşlə kəndində Vazaru çayı üzərindəki körpü əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilin oktyabrın əvvəllərində cənub bölgəsinə yağan intensiv yağışlardan sonra körpü yararsız vəziyyətə düşmüşdü.
Rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən kəndin sakinləri alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirlər.
Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu, bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq.
Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanaraq fevral ayında əhalinin istifadəsinə veriləcək.