QAN YADDAŞI
Yıldırım Bəyazid Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq simpozium keçirilib VİDEO
Ankara, 27 fevral, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyinin, Ankaradakı Yıldırım Bəyazid Universitetinin və Tarixdaş Xalqlar Dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan beynəlxalq simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetdə keçirilən simpoziumda Azərbaycan, Türkiyə və digər ölkələrin tanınmış tarixçiləri, parlament üzvləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Simpoziumun açılışında çıxış edən Tarixdaş Xalqlar Dərnəyinin sədri Əhməd Baba qeyd edib ki, məqsəd Xocalının dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımını törədənlərin cəzalandırılması tələblərini gündəmdə saxlamaqdır.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türk tarix qurumunun sədri, professor Refik Turan və digər çıxış edənlər bildiriblər ki, bu cür simpoziumlar Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən soyqırımı olaraq tanınmasına mühüm töhfə verəcək.
Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, Xocalı soyqırımının dünyaya çatdırılması, həmçinin erməni yalanlarının qarşısının alınması üçün Azərbaycan və Türkiyənin müxtəlif platformalarda əməkdaşlığı, o cümlədən iki ölkənin sosial media istifadəçilərinin birgə fəaliyyəti zəruridir. Qardaş ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin daha sıx əməkdaşlığı da böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Xocalı faciəsinin bir daha təkrarlanmaması üçün həmin soyqırımının gənc nəsillərə çatdırılmasının, gənclərin öz tarixinə sahib çıxmalarının və baş verənlərdən ibrət götürmələrinin əhəmiyyətini vurğulayıb.
Sonra Xocalı soyqırımı ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən hazırlanan film nümayiş olunub.
Simpozium panel iclasları ilə davam edib.
İki gün ərzində Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan elm adamları 20-yə yaxın məruzə ilə çıxış ediblər.
Simpozium çərçivəsində Yıldırım Bəyazid Universitetinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 613 ağac əkilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara