REGİONLAR
Beyləqanda 22 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Beyləqanda uzunluğu 39,4 kilometr olan Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Tikinti layihəsinə uyğun olaraq, 6 min kubmetr həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kubmetr həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınaraq kipləşdirilib.
Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 poqonmetr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kvadratmetr sahədə yeni yol əsasının inşası işlərinə başlanılıb. Qum-qırmadaş qarışığından 30 santimetr hündürlükdə əsasın alt layının tikintisi artıq yekunlaşdırılıb. Hazırda optimal çınqıl qarışığından istifadə edilməklə 15 santimetr hündürlükdə əsasın alt layının tikintisi aparılır.
Yol əsası hazır olan hissələrin isə paralel olaraq asfaltlanması işləri də görülür. Belə ki, 235 min kvadratmetr sahədə 12 santimetr hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilir.
Layihəyə uyğun olaraq 11 min kvadratmetr sahədə yol birləşmələrinin təmiri və 54 kubmetr həcmdə səkilərin yararsız hala düşmüş hissələrinin bərpası, 148 kvadratmetr həcmdə körpülərin sıradan çıxmış məhəccərlərinin yenilənməsi işləri də görülür.
Asfaltlanma işləri tamamlanan kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 170 ədəd yol nişanlarının, 8 ədəd avtobus dayanacağının, 40 ədəd kilometr göstəricisinin və 1520 ədəd siqnal dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, 22 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yolların yenidən qurulması işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.