Respublika Uşaq Kitabxanasında “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 fevral - Gənclər Günü münasibətilə “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbiri kitabxananın direktoru Ş.Qəmbərova açaraq, bayram münasibətilə gəncləri təbrik edib, Gənclər Günü haqqında ətraflı məlumat verib.
Tədbirin aparıcısı qeyd edib ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Gənclər Günü 1997-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təsis edilib.
Bildirilib ki, ölkəmizdə gənclərə qayğı gündən-günə artır. Bu gün Azərbaycanda 170-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Onlar öz ətrafında minlərlə gənci birləşdirir.
Tədbirdə gənc rəssamların rəsm əsərləri nümayiş olunub, gənclərin ifasında İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Məhəmməd Füzulinin şeirləri səsləndirilib, musiqi ifa edilib.
Sonra gənclər arasında diskussiya keçirilib.