Yəmənli tədqiqatçı: Bakı İqlim Həftəsindəki müzakirələr bərpaolunan enerjinin inkişafı üçün əhəmiyyətlidir
Bakı, 7 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi dünyanın bütün ölkələri üçün ciddi qlobal problem olaraq qalır. Yəmən də iqlim dəyişikliklərinin təsirlərindən əziyyət çəkən ölkələr sırasında yer alır.
Bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində AZƏRTAC-a açıqlamasında Yəməndən olan tədqiqatçı Rami Alsamey deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ölkələrdə mühüm müzakirələr aparılır: “Bu müzakirələrdə iqlim dəyişikliklərinin qarşısının alınması, emissiyaların azaldılması və bərpaolunan enerjiyə keçid əsas mövzulardan biridir. İqlim dəyişikliyi ilə mübarizənin əsas yollarından biri bərpaolunan enerji texnologiyalarından daha geniş istifadədir. Bunun üçün emissiyaların azaldılmasına diqqət yetirilməli, bərpaolunan enerji sektoruna investisiyalar artırılmalıdır”.
Yəmənli iştirakçının sözlərinə görə, xüsusilə Günəş və külək enerjisi stansiyalarının qurulması və mövcud layihələrin genişləndirilməsi bu istiqamətdə mühüm addımlardan ola bilər.
O, Bakı İqlim Həftəsi çərçivəsində keçirilən müzakirələrin iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerjinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.