Cavid Abdullayev: “Milli Hidrogen Strategiyası”nın icra planı üzərində işlər davam edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan bərpaolunan enerji sektorunu, xüsusilə Günəş və külək enerjisini əhəmiyyətli dərəcədə genişləndirir, eyni zamanda, yaşıl hidrogen, onun törəmələri və geotermal enerji kimi yeni sahələri tədqiq edir.
AZƏRTAC xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı" panel sessiyasında çıxışı zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, məqsəd təkcə daxili enerji sistemində bərpaolunan enerjinin payını artırmaq deyil, həm də yeni yaşıl sənaye sahələrini inkişaf etdirmək və Azərbaycanı təmiz enerji innovasiyaları üzrə regional mərkəzə çevirməkdir. "Mühüm istiqamətlərdən biri hidrogen enerjisidir. Ölkəmiz Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Azərbaycanın Milli Hidrogen Strategiyası"nı hazırlayıb və hazırda bunun icra planı üzərində işlər davam edir. Bu sənəd yaşıl hidrogen və onun törəmələrinin daxili istehlakı və ixrac imkanlarını qiymətləndirir, rəqabətqabiliyyətli hidrogen dəyər zəncirinin formalaşması üçün bünövrə yaradır", - deyə C.Abdullayev əlavə edib.
O, Azərbaycanda, həmçinin geotermal enerjinin potensialını, o cümlədən mərkəzləşdirilmiş istilik təchizatı, elektrik enerjisi istehsalı və istixanaların qızdırılmasında tətbiqini, eləcə də mövcud infrastrukturdan innovativ istifadə imkanlarının araşdırıldığını diqqətə çatdırıb.
"Bu kontekstdə Azərbaycan rəqəmsal xəritəçəkmə, inteqrasiya olunmuş məlumat bazaları və analitik alətləri əhatə edən Bərpa Olunan Enerji İnformasiya Sistemini genişləndirir. Rəqəmsallaşma həm də enerji keçidinin təməl çağırışlarından birini həll etməyə, dəyişkən bərpaolunan enerji həcmlərini enerji sisteminin etibarlılığını və çevikliyini qoruyaraq şəbəkəyə inteqrasiya etməyə kömək edir", - deyə Agentlik direktoru bildirib.