7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 7 sentyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC-ın silsilə yazılarının növbəti buraxılışında Azərbaycanın Xalq şairinin həyat yoldaşı Xavər Vəkilovanın Səməd Vurğunla birgə həyatları və şairin son günləri barədə xatirələrinin davamı təqdim olunur.
“Səməd böyük nüfuza malik idi. O, nüfuzundan istifadə edərək, vəzifəli şəxslərə müraciət edər, kəndlərə yol çəkilməsinə, bağçalar tikilməsinə, yetimxanalar açılmasına nail olardı. Yetimxanalara, pioner düşərgələrinə cibindən də yardım edərdi.
İmkansız adamlara əl tutmaqdan daxilən rahatlıq duyar, zövq alardı. Bəzən xörəyini çəkirdim, amma masaya yaxınlaşmaz, telefonla hansısa mənsəb sahibi ilə danışıb, bir imkansızın ehtiyacını həll edərdi. Adətən, şad xəbəri o imkansıza çatdırıb, onu sevindirdikdən sonra masaya oturardı. Onda yediyim mənə halal olur – deyirdi. Öz ətrafımızda da kasıb adamlar az deyildi. Bayramlarda onlara da hökmən yardım edərdik.
Vyetnama gedəcəkdi, təyyarə uçmamış evə dönmüşdü. Səhəri¬si gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra əvvəlcə “epidemiyadır” demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb yalvarırdı ki, “Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın”. Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyire: “Sən də de, yarıyaq, qarıyaq qoşa—nə yarıldıq, nə də birgə qarıdıq”.
Ölənəcən özüm, sonra da torpağım “Səməd” deyib ağlayacaq.
Xəstə vaxtı bilirdim ağırdı, xoşladığı paltarlarımı geyib, çətin də olsa, üzümə təbəssüm qondurub, ona qulluq eləyirdim ki, öləcəyini ağlına gətirməsin. O isə Mirzə İbrahimova deyibmiş ki, mən dünyagörmüş adamam, bilirəm vəziyyətim pisdir, günü-gündən geri gedirəm. Bu biçarə, yəni mən – bilmir, vəziyyəti ona deməyin.
Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu—elə qucağımda da keçindi... Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7.30-un üstündə dayanıb. Əl¬bəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Azdramanın aktyorları, rəs¬milər gəldilər...
Mənimçün çox böyük bir itki oldu – evim yıxıldı, qa¬pım bağlandı... Amma, onu da deyim ki, Səməd kimi nü¬fuzlu bir kişinin, çox istedadlı bir şairin – şairlər şahının həyat yoldaşı olmağımla özümü dünyanın ən xoşbəxt qa¬dını saymışam, elə indi də sayıram. Onun adı və kölgəsi üstümdədir və nə qədər yaşayıram üstümdə də olacaq...”.
Ardı var...
Müxbir – Günel Alıyeva