Kristian Mensah: COP31-ə gedən yolda iqlim əməkdaşlığının qorunması vacibdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Biz parçalanmış dünyada yaşayırıq. Heç kim bunun əksini düşünərək özünü aldatmamalıdır. Bu vəziyyət qarşımıza qoyduğumuz məqsədlərə çatmağı bir qədər çətinləşdirə bilər. Amma düşünürəm ki, qarşılaşdığımız bu çətinlikləri həll etmək bizim vəzifəmizdir.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması” mövzusunda panel sessiyada çıxışı zamanı COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionunun baş məsləhətçisi Kristian Mensah deyib.
Onun sözlərinə görə, iqlim fəaliyyətinin əsas məqsədi insanların həyatını yaxşılaşdırmaq olmalıdır: “İqlim gündəliyi yalnız hədəflər, öhdəliklər və xərclər kimi qəbul edilərsə, insanların prosesə cəlb olunması çətinləşə bilər. İqlim fəaliyyəti iş yerləri, məhsuldarlıq, daha sağlam şəhərlər, ərzaq təhlükəsizliyi, dayanıqlılıq və investisiya imkanları yaratmalıdır.
“Artıq görülən işləri sürətləndirmək lazımdır. Sürətləndirmə planları maraqlı tərəfləri həllər ətrafında birləşdirməli, həllərin geniş miqyasda tətbiqinə mane olan amilləri müəyyənləşdirməli və həyata keçirilməni ölkələrin prioritetləri ilə əlaqələndirməlidir. Məhz bu baxımdan hazırkı dövr çoxtərəfliliyin mahiyyətinin daha dərindən mənimsənilməsi üçün əlverişli zamandır”, - Kristian Mensah qeyd edib.
Baş məsləhətçi COP31-ə gedən yolda iqlim əməkdaşlığının qorunmasının və qəbul edilmiş öhdəliklərin həyata keçirilməsinə yönəlmiş fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.