Kimyaçılar gələcəkdə hansı yeni sahələrdə çalışa bilərlər?
Bakı, 7 sentyabr, AZƏRTAC
Müasir dövrdə kimya biliklərinə müxtəlif istehsalat sahələrində, o cümlədən kənd təsərrüfatında, ekoloji cəhətdən ziyansız gübrələrin və bioparçalanan maddələrin alınmasında, kosmetik vasitələrin istehsalında ehtiyac duyulur. İşğaldan azad olunmuş ərazilərdə isə “Yaşıl enerji zonası” konsepsiyası çərçivəsində, həmçinin iqlim dəyişikliyi ilə bağlı su ehtiyatlarının təmizlənməsi və bərpası istiqamətində kimya üzrə mütəxəssislərə tələbatın artacağı gözlənilir.
161 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Əmiraslanlı AZƏRTAC-a müsahibəsində istehsalatda kimya biliklərinə hansı sahələrdə daha çox ehtiyac duyulduğundan danışıb.
Müəllim bildirib ki, kimya sahəsində əldə olunan biliklər kənd təsərrüfatında, bioparçalanan maddələrin alınmasında, ziyansız gübrələrin istehsalında, kosmetik vasitələrin və s. istehsalında daha çox tətbiq olunur. O, gələcəkdə Azərbaycanda kimyaçı gənclər üçün yeni iş imkanlarının yaradılacağını qeyd edib: “Məsələn, işğaldan azad olunan torpaqlarda “Yaşıl enerji zonası” konsepsiyası çərçivəsində mütəxəssislərə ehtiyac duyulacaq. Dəniz suyunun çirkliliyinin təmizlənməsi, suların yenidən bərpa olunması üzrə ekoloji mühəndislərə ehtiyac duyulacaq”.
Müasir istehsalatda texnologiya və süni intellektin kimya mütəxəssisinin işini necə dəyişəcəyindən danışan Təranə Əmiraslanlı bildirib: “Süni intellekt texnologiyaları dərsdə daha çox lazım olur. Məsələn, zəhərli qazların ayrıldığı elə təcrübələr var ki, biz onu apara bilmirdik. İndi isə virtual laboratoriyalar vasitəsilə şagirdlərə o təcrübələri göstərə bilirik. Əvvəllər kimyaçılar zəhərli maddələrlə rahat işləyə bilmirdilər, indi robot qollar vasitəsilə o maddələr qarışdırılır və mütəxəssislər kompüter arxasından onu idarə edirlər”.
Kimyanın uşaqlar üçün yalnız bir fənn olmadığını vurğulayan müəllim şagirdlərinə bu elmin gündəlik həyatdakı əhəmiyyətini izah etdiyini deyib: “Mən həmişə şagirdlərimə deyirəm ki, əlinizdə tutduğunuz telefonlardan, oxuduğunuz kitablardan, geyindiyiniz ayaqqabılara qədər hamısı kimyəvi proseslər nəticəsində istehsal olunur. Kimya insanın beynində olan, fikirləşdiyi layihələri, maddələri real proseslərə çevirən bir elmdir”.