Fransada feminist təşkilatlar cinsi zorakılığa qarşı qanunun qəbulunu tələb edirlər
Paris, 7 sentyabr, AZƏRTAC
Fransada feminist təşkilatlar parlament üzvlərini gender əsaslı və cinsi zorakılığa qarşı hazırlanmış hərtərəfli qanun layihəsinin qəbulunu təmin etmək üçün məsuliyyətlərini yerinə yetirməyə çağırıblar.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi sentyabrın 7-də Milli Assambleyanın komissiyasında müzakirəyə çıxarılıb. Bu münasibətlə Fransanın müxtəlif şəhərlərində yeni etiraz aksiyaları keçirilib. Qadın hüquqlarını müdafiə edən təşkilatlar layihənin qəbuluna qədər səfərbərliyin davam etdiriləcəyini bildiriblər.
Qadınlar Fondunun ictimai və hüquqi məsələlər üzrə direktoru Florian Volt parlament təqviminin çox sıx olduğunu vurğulayıb. Onun sözlərinə görə, qanun layihəsinin oktyabrın əvvəlində plenar iclasda müzakirə edilməsi gözlənilir, lakin payızda büdcə müzakirələrinin başlaması və prezident seçkiləri ilə əlaqədar parlament sessiyasının fevralda başa çatması sənədin qəbulunu çətinləşdirə bilər.
“Osez le féminisme” təşkilatının sözçüsü Selin Pik isə parlament təqviminə əməl edilməsinin vacibliyini vurğulayıb. O, “MeToo” hərəkatından on il sonra gender və cinsi zorakılıqla bağlı problemlərə daha ciddi siyasi reaksiya verilməsini tələb edib.
Feminist və uşaqların müdafiəsi təşkilatları hökumət və Milli Assambleyaya təzyiq göstərmək məqsədilə aksiyaları davam etdirməyə çağırıb. Parisdə əsas yürüşün axşam saat 19:00-da Vandom meydanında, Ədliyyə Nazirliyinin qarşısında keçirilməsi planlaşdırılıb.