BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunub YENİLƏNİB
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində “İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətovanın moderatorluğu ilə keçirilən paneldə yaşıl enerji sənayesinin inkişaf perspektivləri, enerji keçidinin sürətləndirilməsində innovativ və rəqəmsal texnologiyaların rolu, eləcə də regional əməkdaşlığın yaratdığı imkanlar müzakirə olunub.
Bildirilib ki, qlobal enerji sistemində baş verən dəyişikliklər fonunda bərpaolunan enerji mənbələrinin inkişafı yalnız iqlim dəyişmələri ilə mübarizə baxımından deyil, həm də yeni iqtisadi imkanların yaradılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə innovasiyaların, rəqəmsal həllərin və özəl sektorla əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi çıxış edir.
Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatında (UNIDO) İqlim və Texnologiya Tərəfdaşlığı Bölməsinin rəhbəri Petra Şvager yaşıl enerji keçidinin sürətləndirilməsi, innovasiya və texnologiyaların enerji sektorunda tətbiqi ilə bağlı məsələlərə toxunub. O, enerji transformasiyasının uğurla həyata keçirilməsi üçün müxtəlif tərəflər arasında əməkdaşlığın, texnologiya və bilik mübadiləsinin əhəmiyyətini vurğulayıb.
İƏT Təmiz Enerji Mərkəzinin (TEM) icraçı direktoru Aysel Yaqubova qeyd edib ki, enerji keçidi yalnız ayrı-ayrı ölkələrin milli prioriteti kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu proses regional əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır.
Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Nərgiz Viek yaşıl enerji sektorunda beynəlxalq və biznes tərəfdaşlıqlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, enerji keçidi yeni investisiya imkanları ilə yanaşı, innovativ texnologiyaların tətbiqi və yeni əməkdaşlıq platformalarının yaradılması baxımından da geniş perspektivlər açır.
“SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi layihələrdən və sektorun gələcək inkişaf istiqamətlərindən danışıb. O bildirib ki, bərpaolunan enerji mənbələri arasında əsas diqqət günəş və külək enerjisinin inkişafına yönəldiləcək.
Qeyd edilib ki, Azərbaycanın günəş və külək enerjisi potensialından daha geniş istifadə edilməsi ölkənin enerji sistemində bərpaolunan mənbələrin payının artırılması ilə yanaşı, yeni enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerjinin ixrac imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda Tərəfdaşlıqlar üzrə rəhbəri Nərgiz İsmayılova isə yaşıl enerji keçidində tərəfdaşlıqların və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın əhəmiyyətinə diqqət çəkib.
Panel sessiyada çıxış edənlər innovativ texnologiyaların enerji sektoruna inteqrasiyası, rəqəmsallaşmanın yaşıl transformasiyaya verdiyi töhfə, bərpaolunan enerji layihələrinin inkişafı, investisiya imkanları və regional əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Panel sessiya mövzu ətrafında müzakirələrlə davam edib.
12:26
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı” adlı panel sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə regional tərəfdaşlıqların möhkəmləndirilməsi, dövlət və özəl investisiyaların cəlb olunması, texnologiya transferi və təcrübə mübadiləsinin təşviqi, həmçinin də davamlı sənaye inkişafını dəstəkləyən qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması imkanları müzakirə ediləcək.
Eyni zamanda, sessiya çərçivəsində Azərbaycanın regional yaşıl enerji dəyər zəncirindəki rolunun gücləndirilməsi və gələcəkdə yaşıl hidrogen ilə onun törəmələrinin ixracatçısı kimi potensialının artırılması imkanları haqqında danışılacaq.