Patrisia Skotland: Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı
Bakı, 7 sentyabr, AZƏRTAC
COP28 ilə COP30 arasında körpünün demək olar ki, bir boşluğa çevriləcəyi və bunun doldurulmasının çətin olacağı düşünülürdü. Azərbaycan isə burada fövqəladə bir iş gördü.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patrisia Skotland “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə yalnız ölkə daxilində deyil, daha geniş coğrafiyada əlaqələndirilmiş fəaliyyət göstərib. Onun sözlərinə görə, Millətlər Birliyi təşkilatı 56 üzv dövləti dünyanın üçdəbirini və beş regionu təmsil edir və bu regionların səfərbər edilməsi dəyişiklik üçün platforma yaratmağa imkan verib.
“COP29-da baş verənlərin əhəmiyyəti əslində 300 milyard dollarla məhdudlaşmırdı. Bu məbləğ 1,3 trilyon dollarlıq gündəliyin müəyyənləşdirilməsi baxımından nə qədər möhtəşəm olsa da, əsas məsələ Azərbaycanın uğur üçün arxitektura, yol xəritəsi və öhdəlik mexanizmi yaratması, bütün istiqamətləri bir araya gətirməsi idi. Bu, hərtərəfli düşünülmüş, bütün elementləri prosesə cəlb edən və nəticə əldə etməyə yönəlmiş bərpaedici yanaşma idi. Əsas məsələ Azərbaycanın iqlim fəaliyyətinin həyata keçirilməsi üçün arxitektura yaratması, maliyyənin necə tətbiq ediləcəyinə və davamlılığın təmin olunmasına diqqət yetirməsi idi”, - deyə Patrisia Skotland qeyd edib.
“Ən çox əziyyət çəkən kiçik və ən az inkişaf etmiş dövlətlər öz inamlarını itirmişdilər, Azərbaycan isə regional görüşlərdə fəal iştirak etməklə bu inamın bərpasına töhfə verib”, - deyə o bildirib.
Patrisia Skotland Azərbaycanın COP29-a sədrliyi çərçivəsində nümayiş etdirdiyi davamlı liderliyi yüksək qiymətləndirib: “Azərbaycan sadiq və davamlı liderliyin nəyə qadir olduğunu nümayiş etdirdi. Artıq biz bunun mümkün olduğunu bilirik. İndi qarşımızda duran məsələ birlikdə və tərəfdaşlıq şəraitində işləməyi seçib-seçməyəcəyimizdir. Çünki indi dünyanın ehtiyac duyduğu nəticəni təmin etmək üçün hamımız birlikdə məsuliyyət daşıyırıq”.