Agentlik direktoru: Regional əməkdaşlıq Azərbaycanın yaşıl enerji siyasətində mühüm yer tutur
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan üçün vacib olan regional əməkdaşlıqdır. Ölkəmizin Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasındakı coğrafi mövqeyi bərpaolunan enerji resurslarını, bazarları və infrastrukturu daha geniş regionda birləşdirməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı" adlı panel sessiyada çıxışı zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
"Bizim baxışımız yalnız daxildə yaşıl elektrik enerjisi istehsal etməklə məhdudlaşmır. Biz regional tərəfdaşlarımızla birlikdə bərpaolunan enerjinin sərhədlərarası ötürülməsini təmin edən yaşıl enerji dəhlizləri yaradırıq. Əsas təşəbbüslərdən biri "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"dir", - deyə Agentlik direktoru əlavə edib.
Sessiyanın məqsədinin sadəcə fikir mübadiləsi aparmaqdan ibarət olmadığını bildirən C.Abdullayev innovasiya, texnologiya transferi və regional tərəfdaşlığın davamlı sənaye inkişafına, eləcə də Azərbaycanın yaşıl enerji dəyər zəncirindəki rolunun gücləndirilməsinə necə töhfə verə biləcəyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, bu imkanların konkret layihələrə və davamlı tərəfdaşlıqlara çevrilməsi üçün bütün tərəfdaşlarla əməkdaşlığı səbirsizliklə gözlədiyini deyib.