Sandıkçı: Türkiyə bina sektorunda hərtərəfli transformasiyanı həyata keçirməyi hədəfləyir
Bakı, 7 sentyabr, AZƏRTAC
Türkiyədə uzun illərdir bina sektorunun transformasiyası və bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində intensiv şəkildə çalışır. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi bina sektorunda hərtərəfli transformasiyanı həyata keçirməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən "Binaların Enerji Səmərəliliyinin Sertifikatlaşdırılması və Rəqəmsal Tikinti Pasportları" mövzusunda dəyirmi masada Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndəsi Hüseyn Namık Sandıkçı deyib.
O qeyd edib ki, son 2-3 il ərzində sıfır enerjili bina tələblərinin işlənib hazırlanması, istilik izolyasiyası qaydalarının yenilənməsi, binaların minimum enerji effektivliyi tələblərinin təkmilləşdirilməsi, Türkiyənin iqlim göstəricilərinin yenidən nəzərdən keçirilməsi və buna bənzər digər tətbiqlərlə Türkiyədə ölçülə bilən bir irəliləyiş təmin olunub. Antalyada təşkil olunacaq COP31 çərçivəsində keçiriləcək tədbirdə beynəlxalq yaşıl bina müsabiqəsini də reallaşdırmaq planlaşdırılır.
“Sektorda enerji dönüşümünü reallaşdıra bilmək üçün beynəlxalq əməkdaşlıqların bütün potensialını hərəkətə keçirməyin əhəmiyyətini bilirik. Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə, ölkələrarası güclü tərəfdaşlıqlara, məlumat mübadiləsinə və bütün tərəflərin birgə qətiyyətinə ehtiyac var. Azərbaycanla başlayan və uğurla davam edən binalarda enerji səmərəliliyi sahəsindəki əməkdaşlığımız Oman, Qırğızıstan, Somali kimi ölkələrlə də uğurla davam edir”,-deyə Hüseyn Namık Sandıkçı bildirib.