Gələn il yeni tikilən və əsaslı təmir olunan binaların enerji effektivliyi qiymətləndiriləcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Enerji səmərəliliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin mühüm istiqamətlərindən biridir. Uzun illər enerji siyasətində əsas sual belə qoyulurdu:"Nə qədər enerji istehsal edə bilərik?" Azərbaycan, bəlkə də, bu suala əsas dolğun şəkildə cavab tapan ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu BCAW2026 çərçivəsində "Binaların Enerji Səmərəliliyinin Sertifikatlaşdırılması və Rəqəmsal Tikinti Pasportları" mövzusunda keçirilən dəyirmi masada Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov deyib.
Onun sözlərinə görə, enerji səmərəliliyi əlavə istehsal gücü yaratmadan tələbatın bir hissəsinin qarşılanmasına, enerji sisteminə düşən yükün azaldılmasına, istehlakçıların xərclərinin optimallaşdırılmasına və ən əsası da atmosferə atılan karbon qazı emissiyalarının azaldılmasına imkan verir.
Azərbaycanda bu il enerjidən səmərəli istifadə və enerji effektivliyi haqqında qanunun qüvvəyə mindiyini qeyd edən şöbə müdiri müvafiq qaydalara əsasən, 2027-ci ilin yanvarından etibarən yeni tikilən, qurulan və əsaslı təmir olunan binaların enerji effektivliyinin qiymətləndirilməsinin və onların pasportlaşdırılmasının planlaşdırıldığını bildirib.