Əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib
Bakı, 7 sentyabr, AZƏRTAC
Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyənləşib.
Bağçılıq subsidiyası üçün isə yeni salınmış bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq azı 3 il müddətinə sığortalanması tələb olunur.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.