“Aqrar Tədarük və Təchizat” ASC fermerdən 4 ton kök alıb VİDEO
“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerə dəstək”
Bakı, 30 oktyabr, AZƏRTAC
Qusar rayon Gican kənd sakini fermer Cahid Tacəddinov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-yə yetişdirdiyi məhsulun alınması ilə bağlı müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciət dəyərləndirilərək qurumun bir qrup əməkdaşı tərəfindən fermerin təsərrüfatına və məhsula baxış keçirilib. Məhsulun keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri tədarük üçün uyğun hesab edilib və fermerlə qurum arasında əməkdaşlıq baş tutub. Əməkdaşlığa əsasən fermerdən 4 ton kök məhsulu tədarük edilib. Alınan məhsulların ödənişi isə “Fermer kartı” vasitəsi ilə həyata keçirilib.
Fermer bildirib ki, təsərrüfatında əsasən kök əkib-becərir. O, məhsulunun “Aqrar Tədarük və Təchizat” tərəfindən alındığına görə cəmiyyətə təşəkkür edib.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC nizamnaməsindən irəli gələrək fermerlərdən və yerli qida istehsalçılarından kənd təsərrüfatı və ərzaq məhsullarını tədarük edərək müxtəlif dövlət qurumlarının və özəl təşkilatların qida təchizatını həyata keçirir. Mütəmadi olarar ölkəmizin müxtəlif regionlarından olan fermerlərlə ATT arasında oxşar əməkdaşlıqlar baş tutur. Bu əməkdaşlıqların əsas məqsədi kiçik və orta fermer təsərrüfat sahiblərini dəstəkləmək və ölkə əhalisini təhlükəsiz qida məhsulları ilə təmin etməkdir.