Qusarda 105 aztəminatlı ailəyə öz bizneslərini yaratmaq üçün zəruri mal və materiallar veriləcək VİDEO
Qusar, 2 mart, Elxan Yusifli, AZƏRTAC
Özünüməşğulluq proqramı çərçivəsində 2019-cu ildə Qusar rayonunda 60 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin sonuna kimi daha 105 ailə verilmiş aktivlər hesabına əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdıracaq.
Rayonun Köhnə Xudat kəndinin sakini Ariz Muradxanov Özünüməşğulluq proqramından faydalanmaq üçün Qusar Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Heyvandarlıqla məşğul olmaq istəyən sakinin ailə şəraiti dəyərləndirilib. A.Muradxanov təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona təsərrüfatını qurmaq üçün 21 baş qoyun verilib. Heyvanların sayını artırmağı və təsərrüfatı genişləndirməyi hədəfləyən Zahid Xəlilov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
“21 baş qoyun və 400 kiloqram yem verdilər. İndi qoyunlardan 12-si balalayıb. Artıq heyvanlarımın sayı 30-dan çoxdur. Təsərrüfatımı daha da böyütmək istəyirəm”, - deyə A.Muradxanov bildirib.
Qusarda Özünüməşğulluq proqramından faydalananlardan biri də dərzilik fəaliyyəti ilə məşğul olan Minurə Sultanovadır. O, 2 aylıq təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. M.Sultanovaya ailə biznesini qurmaq üçün aktivlər verilib.
Qusar Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan Özünüməşğulluq proqramının ildən-ilə genişləndirilməsi təmin edilir. Proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həssas qruplardan olanlara üstünlük verilir.
Qusar rayonunda ötən 4 il ərzində 150-dən çox ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.