REGİONLAR
Biləsuvarlı fermer: Rayonumuzda yun emalı müəssisəsi olarsa, işimiz də asanlaşar VİDEO
Biləsuvar, 4 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Gəlirli sahə olduğundan Biləsuvarda qoyunçuluq təsərrüfatları ilbəil genişləndirilir. Hazırda rayonda 137 min başdan çox xırdabuynuzlu heyvan saxlanılır.
AZƏRTAC xəbər verir ki, biləsuvarlı fermerlər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini vermək üçün xırdabuynuzlu heyvanların baş sayını artırmaqla yanaşı, damazlıq keyfiyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirirlər. Rayonun İsmətli kəndində fəaliyyət göstərən belə təsərrüfatlardan birinə Nizami Mirzəyev rəhbərlik edir. Əsasən yerli şəraitə uyğun cinslərə üstünlük verən fermer hər il 100 baş qoyundan 90 baş bala aldığını deyir: “Hazırda təsərrüfatımızda min başa yaxın qoyun var. Bu da hər 100 qoyuna 100 bala deməkdir. Gəlirimiz yaxşıdır. Dövlət tərəfindən də dəstək göstərilir. Sadəcə yunun satışı ilə bağlı çətinliyimiz olur. Mənim kimi başqa fermerlər də var ki, bu problemlə qarşılaşır. 1000 baş qoyundan alınan yun təxminən 2 tona çatır. Onun satışı üçün yer olsa, yaxşı olar. İstərdik ki, rayonumuzda yun emalı müəssisəsi olsun”.
Qoyunçuluqda yerli cinslərin qorunub saxlanması, eləcə də cırlaşmaması üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda ötən ilin sentyabrından elmi aşarşdırmalara başlanılıb və dünya təcrübəsi öyrənilir. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Elman Cəfərov bildirib ki, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün qoyunlarda da süni mayalanmanın tətbiqi nəzərdə tutulub. Bu, tezliklə reallaşsa fermerlər üçün yaxşı olacaq. Qoyundan alınan yun məhsulunun verilməsi üçün yeni bir emal sexinin açılması isə vətəndaşların böyük sevincinə səbəb olacaq. Bununla da fermerlərin gəliri daha da artacaq.
Qoyunçuluqda yun daha çox əhəmiyyət kəsb edir. Ötən il rayon təsərrüfatlarında 270 tona yaxın yun istehsal edilib. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə keçirilən görüşlərdə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili, onun əhəmiyyəti barədə ətraflı məlumatlar verilir.