Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan orqanik gübrələrin ixracı planlaşdırılır FOTO VİDEO
Hacıqabul, 5 mart, AZƏRTAC
Hacıqabul rayonunda yerləşən sənaye məhəlləsində fəaliyyətə başlayan orqanik gübrələr müəssisəsində 42 növdə gübrə istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, sənaye məhəlləsində orqanik gübrələrin sınaq müddətində istehsalına başlanılıb. Müəssisə maye, yarpaq və gel gübrələrin istehsalı layihəsi üzrə “Az Agromila” MMC tərəfindən yaradılıb.
Müəssisənin əməkdaşı Elçin Mirəliyev bildirib ki, sənaye məhəlləsində gübrə istehsalı üçün 1800 kvadratmetr ərazidə bina inşa olunub: “İstehsal etdiyimiz gübrələr tərkibinə görə seçilir və əsasən orqanik və mineral xammaldan hazırlanır. Orqanik və mineral gübrələrin hazırlanması üçün 112 növ müxtəlif xammaldan istifadə edilir. Sınaq müddətində çalışmasına baxmayaraq, artıq bir neçə çeşiddə orqanik gübrələr istehsal etmişik”.
Elçin Mirəliyev qeyd edib ki, belə tərkibli gübrələr indiyədək ölkəyə xaricdən gətirilirdi. Lakin müəssisə tam gücü ilə fəaliyyətə başlayandan sonra bu sahədə idxaldan asılılıq aradan qalxacaq.
Onun sözlərinə görə, müəssisə məhsullarının ixracını da nəzərdən keçirir. Belə ki, məhsulların Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə qonşu ölkələrə satılması planlaşdırılır.
“Müəssisə il ərzində 9 min ton istehsal gücünə malikdir. Hazırda burada 9 işçi çalışır. Gələcəkdə müəssisə tam gücü ilə fəaliyyətə başlayanda işçi sayının da artırılması nəzərdə tutulur. Müəssisədə istehsal fəaliyyətinin həyata keçirilməsi üçün müasir standartlara uyğun cihazlar quraşdırılıb”, - deyə o bildirib.