REGİONLAR
Ölkəmizdə ilk dəfə olaraq su bidonları müəssisəsi fəaliyyətə başlayıb FOTO VİDEO
Hacıqabul, 7 mart, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Sənaye Məhəlləsində artıq bır sıra müəssisələr sınaq müddətində fəaliyyətə başlayıb. Bunlardan biri də su bidonlarının istehsalı ilə məşğul olan müəssisədir.
Müəssisənin direktor müavini Hüseyn Əlizadə AZƏRTAC-a bildirib ki, belə müəssisənin fəaliyyətə başlaması respublikada bir ilkdir: “Polikarbonat tərkibli bu qablar indiyədək ölkəyə xaricdən gətirilirdi. Yerli istehsal isə idxaldan asılılığı aradan qaldıracaq. Müəssisə daxili bazarı təmin etməklə yanaşı, ixrac potensialına da malikdir. Belə ki, müəssisə il ərzində 450-500 min su bidonu istehsal etmək gücünə malikdir”.
Direktor müavininin sözlərinə görə, hazırda daxili bazarın bu qablara olan tələbatı 150-200 min ədəd arasında dəyişdiyi üçün istehsal olunan qabların xaricə satılmasına da şərait yaranacaq. Bu qabların digərlərindən fərqi çox istifadəli olması ilə seçilir.
Sınaq müddətində fəaliyyət göstərən müəssisədə hazırda 7 işçi çalışır. Gələcəkdə müəssisə tam fəaliyyətə başlayacağı təqdirdə, işçi sayının artırılması nəzərdə tutulur.