14 OKTYABR - DÜNYA STANDARTLAŞDIRMA GÜNÜDÜR
1970-ci ildən etibarən planetimizin elmi-texniki ictimaiyyəti oktyabrın 14-nü Dünya Standartlaşdırma günü kimi qeyd edir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin standartlaşdırma günü “İntellektual (əqli), ekoloji və enerjieffektiv binalar” devizi ilə keçirilir.
Bu gün bütün dünyada şəhərsalmanın templəri intensivləşmişdir. Planetimizdə yaşayan əhalinin tələbatının ödənilməsi üçün bu işin əhəmiyyəti olduqca böyükdür. Eyni zamanda tikinti sektoru dünya sənayesinin ən nəhəng sahələrindən birinə çevrilərək davamlı inkişafın hər üç istiqamətinə - iqtisadi, sosial və ekoloji istiqamətlərinə böyük təsir göstərir. Standartlar layihəçilərin, memarların, sahibkarların, binaların tikintisi üzrə inzibati orqanların, inşaat materialları və tikinti ilə bağlı avadanlıq istehsalçılarının fəaliyyəti üçün möhkəm zəmin yaradır.
Son illər Azərbaycanda da tikinti işləri geniş vüsət almışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər respublika ərazisini demək olar ki, vahid tikinti sahəsinə çevirmişdir. Yeni yaşayış binaları, dövlət və özəl sektorların inzibati binaları, səhiyyə, mədəniyyət, təhsil və rabitə obyektləri, aeroportlar, idman kompleksləri, ticarət mərkəzləri və digər obyektlər yeni informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə edilməklə hazırlanmış layihələr üzrə inşa edilmiş və ya yenidən qurulmuşdur.
Bu ilin standartlaşdırma gününün devizi əsas diqqəti tikinti standartları üzərinə yönəltməklə onların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir.