REGİONLAR
Xaçmazda qanunsuz nərə və qızıl balıq ovlayan şəxs saxlanılıb VİDEO
Xaçmaz, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar qurulan müvəqqəti postda xidmət aparan zaman taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilən iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib.
F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib.
Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.