REGİONLAR
Vətən müharibəsindən sonra Çıraqlının yeni dövrü başlayıb REPORTAJ VİDEO





















Ağdam, 10 fevral, AZƏRTAC
Ağdam rayonunun Çıraqlı kəndi ötən 27 ildə Ermənistan silahlı bölmələri tərəfindən ən çox atəşə məruz qalan yaşayış məntəqələrindən idi. Kənd keçmiş təmas xəttinin bir neçə yüz metrliyində yerləşirdi. Ermənistan ordusunun atəşi nəticəsində dinc sakinlər həlak olur, yaralanırdı. AZƏRTAC olaraq dəfələrlə atəş altında olan Çıraqlı kəndindən reportajlar hazırlamışıq. Səfərimiz yenə də Çıraqlıyadır. Lakin bu dəfə düşmənin atəşindən əziyyət çəkən Çıraqlıya deyil, Vətən müharibəsindən sonra yeni dövrü başlayan Çıraqlıya.
Artıq istinad divarlarına ehtiyac yoxdur
27 il ərzində Çıraqlı kəndi erməni təxribatı ilə üzləşirdi. Sakinlər düşmən gülləsindən qorunmaq üçün evlərinin qarşısında divarlar tikib, düşmən mövqelərinə tərəf olan pəncərələrini daşla hörüb, evlərin istiqamətini dəyişdiriblər. Çünki düşmən gecələr işıq gələn evləri atəşə tuturdu. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün bir neçə il əvvəl dövlətimiz tərəfindən kəndin təmas xəttinə tərəf olan hissəsində istinad divarları çəkilib.
Kənd sakini Səyavuş Şükürov indi 27 il bağlı qalan darvazasını açaraq qarşısına hördüyü betonları götürür. Deyir ki, daha bu betonlara ehtiyac yoxdur: "Darvazamız 27 il idi bağlı qalmışdı. Düşmənin atəşindən qorunmaq üçün evimizin pəncərəsini daşla hörmüş, darvazanın qarşısına isə divar çəkmişdik. İndi bu divara ehtiyac yoxdur, onu sökürük. Artıq atəş səsləri eşitmirik. Hər bir kənd sakini sevinc içindədir. Bizə bu sevinci, rahat həyatı bəxş etdiyi üçün Prezidentimizə, ordumuza minnətdarıq".
Çıraqlı sakini: Bütün çətinliklər arxada qalıb
Çıraqlıda indi hər kəs rahat şəkildə gündəlik qayğıları, təsərrüfat işləri ilə məşğuldur. Həyətindəki bağda qış budaması aparan Fəxri Məmmədov söhbət zamanı bildirdi ki, əvvəllər istər həyətlərində, istərsə də əkin sahəsində işləmək çox çətin, təhlükəli idi. İndi isə bütün çətinliklər arxada qalıb: "Gördüyünüz kimi, həyətimdə ağacları budayıram. Əvvəllər elə bir ağac yox idi ki, qəlpə və ya güllə izi olmasın. Divarlar, darvazalar düşmən gülləsindən deşik-deşik idi. Təsərrüfatımızda işləyə bilmirdik. Düşmən yaxın məsafədə olduğu üçün kənd sakinlərini, mal-qaranı atəşə tuturdu. Axşam vaxtı evimə gələndə avtomobilimin işıqlarını söndürürdüm ki, ermənilər görüb atəş açmasın. Uzun illər biz bu vəziyyətdə - düşmənin gülləsi altında, çətin şəraitdə yaşamışıq. Lakin öz evimizi, kəndimizi tərk etməmişik. İndi şükür Allaha, ordumuz işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad etdi. Artıq bütün çətinliklər arxada qalıb".
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Sakinlər mal-qara saxlayır, sahələrdə taxıl, yonca, pambıq, soğan və digər bitkilər becərirlər. Sakinlər deyirlər ki, artıq heç bir təhlükə olmadığı üçün sahələrdə rahat işləyə, əkinlərə vaxtında qulluq edə biləcəklər. Həmçinin əkin sahələri də genişləndiriləcək. Bu isə məhsul istehsalının artımına səbəb olacaq.
Düşmənin atəşi nəticəsində dağılmış evlər yenidən tikilir
Çıraqlı kəndi Vətən müharibəsi zamanı da intensiv artilleriya atəşinə məruz qalıb. Düşmənin kəndi atəşə tutması nəticəsində 4 ev tamamilə dağılıb, 40-dan çox evə ziyan dəyib. Artıq dəyən ziyanın aradan qaldırılması üçün tikinti-bərpa işləri həyata keçirilir. Dağılmış evlər yenidən tikilir, digər evlər isə təmir olunur.
Düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır. Artilleriya atəşi nəticəsində evi dağılmış Elman Məmmədov deyib: "Top mərmisinin düşməsi nəticəsində evimiz dağılmışdı. Əvvəlkindən də gözəl ev tikiləcək. Hamıda böyük ruh yüksəkliyi var. Artıq kəndimizdə rahat yaşayırıq".
Söhbət etdiyim hər bir sakində sevincin, yüksək əhval-ruhiyyənin şahidi oldum. 30 ilə yaxın müddətdə təhlükəli, çətin və gərgin şəraitdə yaşayan, indi isə sakit, firavan həyatlarına qovuşan qəhrəman kənddən xoş hisslərlə ayrılıram.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri