REGİONLAR
Qubada 550 ailəyə şəxsi biznesini qurmaq üçün aktivlər verilib VİDEO




Quba, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Özünüməşğulluq proqramı çərçivəsində 2020-ci ildə Quba rayonunda 300 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il proqram çərçivəsində verilmiş aktivlər hesabına daha çox ailənin əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırması nəzərdə tutulub.
Quba rayon sakini Ülvi Quliyev Özünüməşğulluq proqramından faydalanmaq üçün Quba Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onun ailə şəraiti dəyərləndirilib. Ü.Quliyev təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona biznesini qurmaq məqsədilə poliqrafiya xidmətləri göstərmək üçün avadanlıqlar təqdim olunub.
Cağacuq kənd sakini Ceyhun Əhmədov arıçılıqla məşğul olmaq istəsə də, biznesini genişləndirmək üçün çətinlik çəkib. Bununla əlaqədar Özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət edib. Dövlət proqramı çərçivəsində ona ailə biznesini qurmaq üçün 15 arı ailəsi verilib.
Quba rayonunda ötən 4 il ərzində 550-ə yaxın ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.
Aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan Özünüməşğulluq proqramı ildən-ilə genişləndirilir. Ötən il ölkə üzrə 12 min şəxs bu proqramdan yararlanıb.