Şəhid olan komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gələn 19 yaşlı qəhrəman VİDEO
Xaçmaz, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsi şəhidi Rəşad Səfərəliyev Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Rəşad şəhid olan komandirini döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb. 19 yaşlı qəhrəman ölümündən sonra 3 medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. Uşaqlıqdan idmanla məşğul olan Rəşad bir sıra yarışlarda uğurlu çıxış edib.
Əsgərliyə yollandıqdan sonra Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən ərazisində hərbi xidmətə başlayıb. İşğal altında olan torpaqlarımızı müşahidə etdikcə Rəşadın düşmənə qəzəbi hər gün daha da artırdı. Qorxmaz döyüşçü Vətən müharibəsinin ilk anlarından düşmən üzərinə atılan həmlə qruplarında yer alıb.
Düşmənin canlı qüvvəsini məhv edərək erməni postlarının ələ keçirilməsində fəal iştirak edən Rəşad indi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan post uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. O, şəhid olan komandirini döyüş meydanından çıxararkən özü də düşmən gülləsinə tuş gəlib.
“2019-cu il oktyabrın 2-də, doğum günü hərbi xidmətə yola salmışdıq. Komandirləri dəfələrlə bizə təşəkkür məktubu ünvanlayıb. Döyüş yoldaşlarının dediyinə görə, Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Anası ilə telefonla danışanda deyib ki, sağ-salamat qayıtsam Mübariz İbrahimovun atasının əllərindən öpəcəyəm. Rəşadın özü də Mübarizin şəhid olduğu postda o zirvəyə yüksəldi. Allah bütün şəhidlərə rəhmət eləsin”, - deyə şəhidin atası Fərman Səfərəliyev söyləyib.
Rəşad Səfərəliyev Xaçmaz rayonunun Vətən müharibəsində verdiyi ilk şəhiddir. Sentyabrın 28-də Rəşadın dəfn mərasimində böyük izdiham yaşanıb.
Şəhidin anası Xəyalə Səfərəliyeva deyib: “Düşmənlə üz-üzə olan postda xidmət edirdi. Zəng edəndə həmişə xidmət yerindən razılıqla danışardı. Axırıncı dəfə oğlumu onun andiçmə mərasimində gördüm. Ondan sonra ancaq telefonla əlaqə saxlamışıq. Əsgərlikdən sonra hərbdə qalıb işləmək istəyirdi. Rəşadla fəxr edirəm. Həyatda hər cür ölümlər var. Şəhidlik hər oğula qismət olmur. Mən qəhrəman anasıyam”.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Rəşad Səfərəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.