CƏMİYYƏT
DİN: Nəsimi rayonunda narkokuryerlik edən daha beş nəfər saxlanılıb VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Vüqar Qafarov da yaxalanıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanıb. Vüqar Qafarov ifadəsində narkotik vasitəni instaqram sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığını bildirib.
İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Nəcəf İsazadə də saxlanılıb. Onun üzərindən 22 qram heroin və metamfetamin aşkarlanıb.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və həmin şəxslər tutularaq istintaqa cəlb ediliblər. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.