19 YAŞLILARDAN İBARƏT YIĞMA FUTBOL KOMANDAMIZ HAVA LİMANINDA TƏNTƏNƏ İLƏ QARŞILANMIŞDIR
Azarkeşlərin başı üzərində müxtəlif şüarlar vardı, Azərbaycanın dövlət bayraqları dalğalanırdı. Ətrafa milli musiqi sədaları yayılırdı.
Xatırladaq ki, Kiprdə keçirilmiş qitə birinciliyinin 7–ci qrupunun seçmə oyunlarında Azərbaycan yığması ilk görüşdə ermənistanlı həmyaşıdlarını 2:1 hesabı ilə məğlub etmişlər. Növbəti görüşdə Macarıstan komandasına (0:5) uduzmasına baxmayaraq, meydan sahibləri ilə son qarşılaşmadakı heç-heçə (1:1) yığmamızın növbəti mərhələyə çıxmasına imkan vermişdir.
Baş məşqçi Arif Əsədov jurnalistlərin suallarına cavab verərkən, oyunçuların psixoloji cəhətdən yaxşı hazırlanmasını ön plana çəkmiş, ermənilərlə oyuna toxunmuşdur.
Qeyd edək ki, Ermənistanla görüşün birinci hissəsindən sonra Azərbaycan futbolçuları 0:1 hesabı ilə uduzurdular. İkinci hissənin əvvəlində Fərid Həşimzadə hesabı bərabərləşdirmişdi. Bundan bir qədər sonra Nizami Hacıyev qələbə topunu vurmuşdu.
Ermənistan millisinin qapısına vurduğu qol haqqında jurnalistlərin suallarına şərh verən Nizami komandanın uğurunda payı olduğu üçün özünü xoşbəxt saydığını bildirmişdir.
Növbəti mərhələnin püşkü dekabrın 5-də atılacaqdır. 28 komandanın 7 qrupda mübarizə aparacağı bu mərhələnin görüşləri 2007-ci il yanvarın 1-dən iyunun 6-dək davam edəcəkdir. Qrup qalibləri Avstriyada keçiriləcək final mərhələsində yarışmaq hüququ qazanacaqlar.