2004-CÜ İLDƏ DÖVLƏT ƏIMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİ DAVAM ETMİŞDİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müəssisələrə daha çox sərmayə cəlb etmək, fəaliyyəti dayanmış sənaye obyektlərini canlandırmaq, yeni iş yerləri açmaq məqsədi ilə Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti 2004-cü ildə 7 səhmdar cəmiyyətin səhmlərinin satışı üzrə sərmayə müsabiqəsi keçirmiş, 10 müəssisə səhmdar cəmiyyətə çevrilmiş, səhmlərin satışı üzrə 45 pul hərracı və 4 ixtisaslaşdırılmış çek hərracı keçirilmiş, 127 qeyri-yaşayış sahəsi, 644 icarəyə verilmiş dövlət əmlakı, 42 tikintisi yarımçıq qalmış obyekt, 126 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmiş, 886 obyekt üçün icarə müqaviləsi bağlanmışdır.
Daşınmaz dövlət əmlakının icarəyə verilməsindən büdcəyə 15,5 milyard manat vəsait daxil olmuş və ötən ilin müvafiq dövrü üçün nəzərdə tutulmuş tapşırıq 129 faiz yerinə yetirilmişdir.
“Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli Fərmanına uyğun olaraq əhalinin sosial cəhətdən müdafiəyə ehtiyacı olan təbəqələrinə özəlləşdirmə çeklərinin paylanması tam başa çatdırılmışdır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin formalaşdırılması ilə əlaqədar işlər davam etdirilmiş, müvafiq normativ-hüquqi sənədlərin layihələri hazırlanmışdır.
2005-ci ildə özəlləşdirmə prosesinin sürətləndirilməsi, əhalinin, yerli və xarici sərmayədarların, özəlləşdirmədə daha geniş şəkildə iştirak etməsi, dövlət əmlakından səmərəli istifadə olunması, bu əmlakın pay qoyuluşu ilə yaradılmış müəssisələrdə payların idarə olunmasının səmərəsini artırmaq məqsədi ilə tədbirlər görüləcək, yeni sahələrin özəlləşməyə açılması barədə təkliflər hazırlanacaqdır.
Daşınmaz Əmlakın Dövlət Reyestrinin yaradılması işinin sürətləndirilməsi, o cümlədən normativ-hüquqi sənədlərin hazırlanması prosesinin yekunlaşdırılması, mərkəzi və ərazi qeydiyyat orqanlarının yaradılması işinin başa çatdırılması, avtomatlaşdırılmış informasiya sisteminin tam qurulması, ipoteka qeydiyyatının təkmilləşdirilməsi nəzərdə tutulur.