2018–2025-ci illərdə “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2,25 milyard dollar kredit cəlb olunacaq
Bakı, 25 avqust, AZƏRTAC
2018-2025-ci illərdə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 250 milyon ABŞ dolları dəyərində dövlət zəmanətli kreditlər cəlb edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sənəddə, həmçinin qeyd edilir ki, hazırda mövcud olan dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinə əsasən, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri dövlət zəmanəti ilə cəlb edilən kreditlər olmaqla 3 milyard 147,3 milyon dollardır.
Xatırladaq ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.