2018-ci il dünya çempionatının kuboku Rostov-Dona gətirilib
Bakı, 24 may, AZƏRTAC
Futbol üzrə 2018-ci il dünya çempionatının rəsmi kuboku Rostov-Don şəhərinə gətirilib. “Rostov Arena” stadionunda keçirilən təqdimetmə mərasimində kuboku birinci görənlər “Dəri top” turnirində qalib gələn uşaqlar olub.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib:
-Bu gün qeyri-adi bir hadisə baş verib - Rostov vilayətində futbolun tarixində yeni səhifə açılıb. Dünya çempionatının başlanmasına az qalır. Bugünkü hadisə onu göstərir ki, biz artıq finiş xəttindəyik. Dünya çempionatından sonra bu irsin vilayət sakinlərinə qalması üçün çox iş görülüb. Gənclər haqqında onu deyə bilərəm ki, “Dəri top” turnirinin qalibləri çempionatın təşkil olunmasında iştirak edəcəklər. Bu, çox yaxşı haldır.
AZƏRTAC xəbər verir ki, dünya kubokunun müxtəlif ölkələr üzrə “səyahət turu” 2017-ci ilin sentyabr ayında Moskvada başlanıb. Sentyabrdan dekabradək Rusiyanın 16 şəhərində olmuş kubok 2018-ci il yanvar-aprel aylarında “dünya səyahətinə çıxıb” və bu müddətdə tarixdə ilk dəfə əsas futbol prizinin “ayağı dəyən” ölkələrdə, məsələn İslandiyada, Avstriyada, Monqolustanda və bir neçə yaxın xaric ölkəsində olub. Azərbaycan, Belarus, Gürcüstan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Ermənistan və Tacikistan sakinləri də bu məşhur heykəlciyi görmək imkanı qazanıblar.
2018-ci ildə kubokun Rusiyada səyahət marşrutunda Vladivostok, Novosibirsk, Yekaterinburq, Samara , Kazan və Nijni Novqorod şəhərlərindən sonra yeddinci dayanacaq Rostov-Don şəhəri olub. Kubok Rostovdan Sankt-Peterburqa gedəcək və sonda Moskvada dayanacaq.
Xatırladaq ki, 2018-ci ilin dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Turnirin ev sahibləri “A” qrupunda Misir, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaqlar.
Dünya birinciliyinin qrup mərhələsində dörd matç, 1/8 finalının bir oyunu Rostovda keçiriləcək.