Prezident İlham Əliyev: Müasir memarlıq Bakının qədim tarixi simasını pozmamalıdır VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: “Hamımız Bakını sevirik, Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq”.