20 YANVAR AZƏRBAYCAN TARİXİNİN PARLAQ SƏHİFƏSİDİR
Yanvarın 18-də AMEA-nın İnsan Hüquqları İnstitutu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə 20 Yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmuş elmi konfrans keçirmişdir.
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev konfransı açaraq qanlı hadisəni qısa xarakterizə etmiş, faciə ilə bağlı hələ də səngiməyən diskussiyaları, azalmayan versiyaları xatırlatmış və vurğulamışdır ki, bütün bunlarla bərabər, 20 Yanvar Azərbaycan tarixinin parlaq səhifəsidir.
Azərbaycan Respublikasının Dövlət himni ifa olunduqdan və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar olmuşdur. Natiqlər yekdilliklə qeyd etmişlər ki, 20 Yanvar özünü “erməni” adlandıran haykların fitvası ilə keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi soyqırımıdır və ondan ibrət götürülməlidir.
Çıxışlarda XX əsr ərzində azərbaycanlıların məruz qaldığı deportasiya, etnik təmizləmə və digər aksiyalar da xatırladılmışdır. Vurğulanmışdır ki, bütün bunlara və 20 Yanvar faciəsinə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə hüquqi-siyasi qiymət verilmişdir.
Natiqlər xalqımıza qarşı törədilmiş cinayətlər, o cümlədən 20 Yanvar soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında hər bir azərbaycanlının imkanlarından istifadə olunmasının zəruriliyini diqqətə çatdırmışlar. Tariximizin dərindən öyrənilməsi, tarixi həqiqətlərə sadiq qalmaq tövsiyə edilmişdir.
Erməni terrorizmi haqqında həqiqətləri, bu terror nəticəsində insan hüquqlarının pozulması faktlarını əks etdirən audio-vizual ensiklopediya yaratmaq və Ermənistanı, Yuxarı Qarabağda yaşayan Azərbaycan vətəndaşlarını-erməniləri informasiya məkanına daxil etmək, o cümlədən erməni dilində Azərbaycan həqiqətlərini yayan teleproqram təşkil etmək barədə təkliflər irəli sürülmüşdür.
Konfransda AMEA-nın İnsan Hüquqları İnstitutu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası adından bəyanat qəbul edilmişdir.