20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır
Zərdab, 20 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Zərdabda ümumrayon anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə və təşkilatlarının rəhbərlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin qatıldıqları mərasimin iştirakçıları səhər saatlarında Şəhidlərin xatirə parkına gəlmiş, burada ucaldılmış abidənin önünə güllər qoymuş, Vətənimizin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmişlər.
Sonra iştirakçılar parkda 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işlərinə, kitab sərgisinə baxmışlar. Anım mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov və digər çıxış edənlər Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı il 20 Yanvar faciəsindən, bu qırğına bais olmuş imperiya rəhbərlərinin məkrli niyyətlərindən bəhs etmişlər. Bütün səylərə baxmayaraq, xalqın müstəqillik uğrunda mübarizə əzminin qırılmadığını vurğulayan natiqlər bu mübarizədə, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə təkcə Zərdab rayonundan 140 nəfərədək gəncin şəhid, 90 nəfərin isə əlil olduğunu bildirmişlər. O vaxt Moskvada təhlükədə olmasına baxmayaraq, xalqımızın səsinə səs verən ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvarı Azərbaycanın qəhrəmanlıq tarixi adlandırması xatırlanmışdır.
Mərasimdə şəhidlərimizin əziz xatirəsinin heç vaxt unudulmayacağı, onların xatirəsinə ən böyük abidənin ulu öndər Heydər Əliyevin, onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə bu gün dünya ölkələri sırasında getdikcə qüdrətlənən müstəqil Azərbaycan dövləti olduğu vurğulanmışdır.
Həmin gün saat 12.00-da rayon ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bütün məscidlərdə ehsan süfrələri açılmışdır.