20 Yanvar faciəsinin 24-cü ildönümü Bərdədə geniş qeyd edilmişdir
Bərdə, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Bərdə rayonunda da müxtəlif tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində bütün idarə və təşkilatlarda, Heydər Əliyev Muzeyində, təhsil və mədəniyyət müəssisələrində konfranslar, yığıncaqlar təşkil edilmişdir.
Yanvarın 20-də Bərdə Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında ümumrayon anım mərasimi keçirilmişlər. Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, avtomobillərdən səs siqnalları verilmişdir.