20 Yanvar faciəsinin 24-cü ildönümü Masallıda dərin hüznlə qeyd edilmişdir
Masallı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Masallı şəhərindəki Qəhrəmanlar parkında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə- kompleksinin önündə anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə rayon sakini faciə qurbanlarının xatirəsini böyük ehtiramla yad etmişdir.
Rayonun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidə-kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə anmışlar. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Yanvarın 20-də rayonun bütün ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilmiş, yerli vaxtla saat 12.00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillərdən səs siqnalları verilmişdir.