20 Yanvar faciəsinin ildönümü Liviyada da qeyd edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Liviyadakı səfirliyində Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Bu barədə səfirlikdən AZƏRTAC-a məlumat verilmişdir.
Səfir Ağasəlim Şükürov mərasimdə çıxış edərək bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin səbəbləri və günahkarları barədə danışmışdır. O, 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi olduğunu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd etmişdir. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.
A.Şükürov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 20 Yanvar şəhidlərinin ailələrinə qayğı göstərildiyini bildirmişdir. O, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızın 20 Yanvar hadisələrinin ağrı-acısını unutmadığını, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının başlıca vəzifələrindən olduğunu bildirmişdir.
Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiyi və nüfuzunun artmaqda olduğu vurğulanmış, Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri barədə məlumat verilmişdir.
Səfirliyin ərəb və ingilis dillərində hazırladığı pres-relizlər Liviya Ümummilli Konqresinə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə, aparıcı kütləvi informasiya vasitələrinə göndərilmişdir. Həmin pres-relizlər “İrs” jurnalının 2013-cü ildə ərəb dilində nəşr edilmiş ikinci qış buraxılışı ilə birgə ölkədəki diplomatik nümayəndəliklərə, “Liviya” və “Tadamun” informasiya agentliklərinə, Tripoli Strateji Araşdırmalar və Liviya Arxiv və Tarixi Araşdırmalar mərkəzlərinə, Misir, Tunis və Fələstin Mədəniyyət mərkəzlərinə göndərilmişdir.
Liviyanın aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı məlumatların geniş yayılması təmin edilmişdir. Səfirliyin ölkəmizin tanıdılması məqsədilə Liviya vətəndaşları ilə yaratdığı sıx əlaqələrin nəticəsi olaraq yanvarın 15-də Zeyd Həmzə adlı Liviya vətəndaşı “Libya əl-Vataniyyə” televiziya kanalında canlı yayımlanan “İslam və Həyat” dini verilişinin qonağı Liviya Keçid Hökuməti dövründə Vəqflər və Dini məsələlər naziri vəzifəsində çalışmış Həmzə Bufaris ilə telefon əlaqəsi yaradaraq 20 Yanvar faciəsi barədə məlumat vermişdir. Eyni zamanda, Z.Həmzə 20 Yanvar faciəsinin 24-cü ildönümünü ərəfəsində Liviyada faciə qurbanlarının ruhuna dualar oxunmasını xahiş etmişdir.
Səfirliyin media nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərin nəticəsi olaraq 20 Yanvar faciəsinin 24-cü ildönümü Liviyanın aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Yanvarın 18-də “Tadamun” informasiya agentliyinin internet səhifəsində “Azərbaycanlılar 20 Yanvar qırğınının 24-cü ildönümünü qeyd edirlər”, “Fevral” qəzetinin 19 yanvar tarixli nömrəsində “20 Yanvar faciəsi... Azərbaycan xalqının birliyinin qarşısını ala bilmədi”, “Fəsəniyə” qəzetinin 19 yanvar tarixli nömrəsində “Azərbaycan: Ağrılı 20 Yanvar faciəsinin 24-cü ildönümü” sərlövhəli məqalələr dərc olunmuşdur. Bununla yanaşı, yanvarın 19-da “Libya” dövlət televiziya kanalında ərəb dilində “Qanlı Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.