“20 Yanvar həqiqətlərinin xaricdə yayılması” mövzusunda tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və “İRS - Naslediye” beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətlərinin xaricdə yayılması” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, və alimlərin, tədqiqatçıların, ali təhsil ocaqlarının müəllim və tələbələrinin iştirak etdikləri tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin dəhşətli nəticələrinin dünyada yayılmasının vacibliyini geniş ictimaiyyətə, o cümlədən xaricdə yaşayan soydaşlarımıza çatdırmaq, Azərbaycan həqiqətlərinin ölkədən kənarda təbliğatının vasitə və yollarına toxunmaq, həmçinin beynəlxalq təbliğat işlərində “İRS - Naslediye” jurnalının rolunu göstərməkdir.
Muzeyin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş və müxtəlif dövrlərdə muzeyə hədiyyə edilmiş xalça və rəsm əsəri nümayiş etdirilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra “Qanlı Yanvar” sənədli filmi nümayiş olunmuşdur.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında totalitar sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayətdən bəhs etmiş, bu hadisənin Azərbaycan xalqının qəhrəmanlıq tarixində yerindən söhbət açmışdır. Bildirmişdir ki, Bakıda hüquqazidd olaraq fövqəladə vəziyyətin elan olunması, silahlı qüvvələrin şəhərə daxil olması, ağır texnikadan istifadə edilərək heç bir müqavimət olmadan dinc əhaliyə divan tutulması Azərbaycan xalqına qarşı cinayət görünməmiş idi.
Sonra Azərbaycan Fotoqraflar Birliyi tərəfindən toplanmış və müxtəlif fotoqrafların 20 Yanvar faciəsinə həsr etdikləri fotoşəkillərdən ibarət slayd nümayiş olunmuşdur.
Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin təbliğinin, o cümlədən 20 Yanvar həqiqətlərinin beynəlxalq aləmdə yayılmasının, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamış, bu işdə mövcud olan problemlərə toxunmuşdur.
“İRS - Naslediye” jurnalının baş redaktoru Musa Mərcanlı 10 ildən artıq fəaliyyət göstərən və Azərbaycan mədəniyyətinin, həqiqətlərinin, qan yaddaşının xaricdə yayılmasında müstəsna rol oynayan nəşrin fəaliyyətindən danışmışdır. Beynəlxalq jurnalın bu sahədəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Jurnalın faciəyə həsr olunmuş və rus, ingilis, fransız, alman, italyan, çex, yapon dillərində işıq üzü görmüş nömrələri iştirakçılara təqdim edilmişdir.