20 Yanvar-istiqlal tariximizin faciəli səhifəsi
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “20 Yanvar istiqlal tariximizin zirvəsidir” mövzusunda anma mərasimi keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, Qara Yanvar faciəsinin 23-cü il dönümünə həsr olunmuş mərasimi ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev açaraq bildirmişdir ki, bu hadisə yalnız faciə deyil, eyni zamanda, xalqımızın imperiya köləliyinə qarşı milli azadlıq hərəkatının, müstəqillik uğrunda mübarizəsinin şərəf və ləyaqət zirvəsidir. Azadlığına, istiqlalına qovuşmaq üçün 1988-ci ildən meydanlarda haqq səsini ucaldan qədim və ulu bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun təpədən-dırnağadək silahlanmış dəstələrinin hücumuna məruz qalmışdır.
T.Əfəndiyev qeyd etmişdir ki, əslində o qanlı yanvar gecəsində Azərbaycan xalqı totalitar sovet imperiyasına qalib gəlmişdir. Günahsız insanların qanına susamış “qırmızı imperiya” həmin gecə dünyanın gözü qarşısında qanlı əlləri ilə öz məhvinə, süqutuna imza atmışdır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin müdhiş gecədə həlak olmuş oğul və qızlarımız xalqın milli azadlığı, müstəqilliyi üçün yol açaraq Azərbaycanın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar.
Rektor bildirmişdir ki, keçmiş sovet imperiyasının hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Tədbirdə rəssamların Qara Yanvar mövzusuna həsr edilmiş əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur.
ADMİU-nun rəssamlıq, aktyor sənəti, sənətşünaslıq, musiqi sənəti fakültələrində də 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilmişdir. Bədii qiraət ustaları faciəyə həsr olunmuş şeirlər söyləmiş, müəllim və tələbələrin 20 Yanvar, Qarabağ mövzusunda əsərlərindən ibarət “İyirmi Yanvar günü. Millətimin dar günü” adlı sərgi nümayiş etdirilmişdir. Həmçinin, teatr və kino sənətində 20 Yanvar mövzusunda yaradılmIş əsərlərdən parçalar göstərilmiş, Qarabağı, Vətəni, qəhrəmanlığı tərənnüm edən mahnılar səsləndirilmişdir.