20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilmişdir
Brüssel, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Belçikadakı səfirliyinin və Belçika-Cənubi Qafqaz Tədris və Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmişdir.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, sovet ordusunun törətdiyi bu qanlı cinayət keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirmiş, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratmışdır. Doğma Vətənin bugünkü inkişafında o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Tədbirdə digər çıxış edənlər, o cümlədən Brüsseldə fəaliyyət göstərən “CeCeForma” qeyri-hökumət təşkilatının rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdiklərini qeyd etmiş, həmin hadisələrin müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirmişlər.
Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin və nümayəndəliyin əməkdaşlarının ailə üzvləri iştirak etmişlər.
Mərasim Brüsseldə fəaliyyət göstərən türkdilli media orqanları tərəfindən işıqlandırılmışdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel